Azərbaycan şəraitinə uyğun ətlik iribuynuzlu heyvan cinsləri
Azərbaycan şəraitinə uyğun ətlik iribuynuzlu heyvan cinsləri
Aberdin-anqus
Bu cinsin vətəni Şotlandiyanın şimal-şərq hissəsində yerləşən Aberdin-Anqus və Banf qraflıqlarıdır. Cins xarici mühitə yaxşı uyğunlaşan, yemlərdən səmərəli istifadə edən, bala itkisi az olan, yüksək ətlik keyfiyyətlərlə seçilən və hazırda dünyanın demək olar ki, bütün ölkələrində geniş yayılmış ətlik cinsdir.
Heyvanlar əsasən qara və qırmızı rəngdə olur və buynuzsuzdurlar. Başqa cinslərlə çarpazlaşdırıldıqda da buynuzsuzluq xüsusiyyətini saxlayırlar. Digər ətlik cinslərlə müqayisədə Aberdin-Anqus nisbətən xırda hesab olunur. Yaşlı cöngələrin çəkisi 700–800 kq, inəklərin çəkisi isə 500–600 kq olur. Doğulduqda erkəklər 29 kq, dişilər isə 27 kq olur. Bədəni zəif yağ təbəqəsi ilə örtülür. Ət çıxımı 60–70%-ə çatır. Cins çox tez yetişkəndir: 15 aylıqda canlı çəkisi 400 kq və daha çox olur.
100 baş inəkdən orta hesabla 95,4 bala alınır. Buzovlar 208 günlük yaşda analarından ayrıldıqda diri çəkiləri 203 kq olur və sutkalıq artım 798 qram təşkil edir.
Bu cins Azərbaycana 1970-ci illərin əvvəllərində gətirilmiş, müəyyən miqdarda təmizlikdə yetişdirilmiş və ətlik istiqamətli təsərrüfatlarda Qafqaz qonur malı ilə geniş şəkildə çarpazlaşdırılmışdır. Aberdin-Anqus əsasən Quba, Lerik, Qubadlı, Şamaxı və Yardımlı rayonlarının ətlik maldarlıq təsərrüfatlarında cəmlənmişdir.
Hollavey
İngiltərənin Hollavey əyalətində yetişdirilmişdir. Bu cins buynuzsuz olur, üzü sıx tüklüdür, dırnaqları möhkəmdir və dağlıq-soyuq iqlimə dözümlüdür.
Hollavey cinsi enli və dərin bədən quruluşu, alçaq ayaqları ilə xarakterizə olunur. Xarici görünüşünə və rənginə görə Aberdin-Anqus cinsinə bənzəyir. Uzun tük örtüyü heyvanı soyuqdan yaxşı qoruyur. Bütün il boyu otlaqda qala bilir. Kifayət qədər qaba yem olduqda qışı yaxşı keçirir. İnəklərin çəkisi 500 kq, törədicilərin çəkisi isə 800–850 kq olur.
Cins uzunömürlüdür. Hollavey inəkləri laktasiyada 1100–1200 kq süd verir və südün yağlılığı 4,5–5% olur. Şotlandiya şəraitində sutkalıq çəki artımı 900 qrama qədər çatır. On beş aylıqda diri çəki 330–430 kq, 27 aylıqda isə 485–535 kq olur. Ətlik heyvanlar 2 yaşında 576 kq, 2–3 yaşında 724 kq çəkiyə çatırlar. Otlaq və kökəltmədən sonra ət çıxımı 60–68% təşkil edir.
Hollavey həm soyuq, həm də isti iqlimə yaxşı uyğunlaşır. Bu səbəbdən Argentina, Braziliya, Kanada, Hollandiya, Yeni Zelandiya və ABŞ-da geniş yayılmışdır. İsti ölkələrdə tükləri daha da uzanır.
1970-ci ildən etibarən bu cins Azərbaycanda ətlik maldarlıq təsərrüfatlarında həm təmizlikdə, həm də Qonur-Qafqaz malı ilə çarpazlaşdırılaraq yetişdirilmişdir. Sovet dövründə ən iri naxırlar Gədəbəy, Kəlbəcər, Laçın, Daşkəsən və Göygöl rayonlarında olmuşdur.
Şarole
Fransanın Şarole bölgəsində formalaşmışdır. Şarole cinsi ətlik cinslər arasında xüsusi yer tutur. Buğaların çəkisi 1000–1200 kq, bəzən 1400 kq-a çatır; inəklər orta hesabla 700–800 kq, bəzi hallarda isə 1100 kq-a qədər olur. Cavanlar 8–9 aylıqda 340 kq çəkiyə çatırlar. İnkişaf etdirilmiş bəslənmədə erkəklər 500 kq olur. Bu cins tez yetişkənliyi, keyfiyyətli əti və 60–70% ət çıxımı ilə fərqlənir.
Bədən quruluşu möhkəmdir, ayaqları güclü inkişaf etmişdir. Döşü dərin və enlidir, başı orta ölçüdədir, alını enli, buynuzları isə qısa olur. Ət üstü nazik yağ təbəqəsi ilə örtülür. Süd məhsuldarlığı illik 1500–2000 kq təşkil edir.
Buzovlar əsasən otlaqda bəslənir və 6–8 aylıqda analarından ayrılır. Sutkalıq çəki artımı 1500–1800 qrama çatır.
Limuzin
Fransanın Limuzin bölgəsində yetişdirilmişdir. Cins həm soyuq qış, həm də isti-küləkli hava şəraitinə yaxşı uyğunlaşır. Ətlik cins olmaqla yanaşı, yaxşı südverməyə malikdir və buna görə ətlik-südlük istiqamətli cins hesab edilir. İnəklər laktasiya dövründə 5,2% yağlılıqla 4000 kq-a qədər süd verə bilir.
Ölçüsünə görə Şaroledən sonra ikinci yerdədir. Törədicilərin çəkisi 950–1150 kq, inəklərin çəkisi isə 600–650 kq olur. Cins tez kökəlir. Buzovlar doğulduqda 38–42 kq olur. İntensiv bəslənmədə erkəklər 12 aylığında 500 kq çəkiyə çatırlar.
Rəngi açıq qırmızı və sarıdır. Bədən quruluşu möhkəmdir; ayaqları güclü, başı orta ölçülü, alnı enlidir. Boynu qısa və enli, bel hissəsi düz, arxa hissəsi yaxşı inkişaf etmişdir.
Ət çıxımı 70%-ə yaxındır, yeyilən hissə 85%-dən çoxdur.
Limuzin cinsi Azərbaycana 1985-ci ildə gətirilmiş, Ağdam rayonunda yerli cinslərlə cütləşdirilərək yüksək məhsuldarlıqlı mələzlər alınmışdır.
Digər məqalələr
Daha çox